Agentlik haqqında

Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə – müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır.

Bu, bizim gələcəyə baxışımızdır.

İlham Əliyev

 

Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 01 fevral 2013-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyin əsasnaməsi ölkə başçısının 01 fevral 2013-cü il tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Əsasnaməyə əsasən Agentlik – Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Agentlik müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, həmçinin alternativ və bərpa olunan enerji sahəsinin inkişafını və infrastrukturun yaradılmasını, iqtisadiyyatda və sosial sahələrdə alternativ və bərpa olunan energetikanın tətbiqini, ABOEM üzrə enerji istehsalı, enerji istehlakı və enerji effektivliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir, sahə üzrə dövlət uçotunu və dövlət kadastrını aparır.