3 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Almaniya Federativ Respublikasına səfəri çərçivəsində VNG şirkətinin təşkilatçılığı ilə “Hidrogen iqtisadiyyatı və onun çağırışları” mövzusunda seminar keçirilib.
Tədbirin açılışında VNG-nin İdarə heyətinin üzvü Hans-Yoahim Polk və Dövlət Agentliyinin direktor müavini Rana Hümbətova çıxış ediblər. Almaniyanin ən böyük enerji şirkətlərindən biri və 3-cü ən böyük təbii qaz idxalçısı olan VNG şirkəti tərəfindən aşağı karbonlu biznes sahəsində görülən işlər, o cümlədən 40-dan çox həyata keçirilən bioqaz və biometan, həmçinin yaşıl hidrogen layihəsi barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, sözügedən layihə çərçivəsində hidrogenin nəqli üçün 25 km uzunluğunda boru kəməri istismara verilib.
Daha sonra Dövlət Agentliyi tərəfindən Azərbaycanın bərpa olunan enerji və hidrogen sahəsində mövcud planları və həyata keçirilən təşəbbüslər haqqında məlumatlar təqdim edilib. Seminar çərçivəsində Almaniya Enerji Agentliyinin (DENA) nümayəndəsi tərəfindən Almaniyanın hidrogen istehsalı üzrə strateji hədəfləri və onların icra statusu barədə məlumat verilib. Həmçinin seminar zamanı Avropa Birliyi tərəfindən bu istiqamətdə mövcud və nəzərdə tutulan tənzimləyici hüquqi çərçivəyə dair müzakirələr aparılıb.
VNG tərəfindən isə yaşıl hidrogen üzrə həyata keçirilən “Energy Park Bad Lauchstädt”, Almaniyanın hidrogen şəbəkəsinin (Hydrogen Core Network) inkişafı və ammonyak krekinqi (parçalanması) layihəsi və bu layihələrin icrasından əldə edilən təcrübələr haqqında məlumat verilib. Hidrogen dəhlizlərinin inkişafı və Avropanın gələcək hidrogen tələbatının idxal hesabına təmin edilməsi üzrə müzakirə aparılıb. Bu çərçivədə hidrogen istehsalçıları ilə istehlakçılar arasında əlaqələrin yaradılması və zəruri nəql infrastrukturunun inkişafının əhəmiyyəti vurğulanıb.
Seminar zamanı ONTRAS Gastransport GmbH şirkətinin nümayəndəsi Almaniyada mövcud olan təbii qaz paylayıcı şəbəkələrinin hidrogen nəqlinə uyğunlaşdırılması və yeni hidrogen boru kəmərlərinin tikintisi üçün tələb olunan investisiya həcmi, həmçinin tətbiq olunan texnologiyalar barədə ətraflı məlumat təqdim edilib.
Tədbir çərçivəsində Avropada yaşıl hidrogen istehsalı üzrə ilk pilot layihələrdən biri olan “Energy Park Bad Lauchstädt”-a sahə səfəri təşkil edilmiş və yaradılmış infrastruktur haqqında ətraflı məlumatlar təqdim edilmişdir.






