AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Bərpa olunan enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığının inkişafı müzakirə edilib

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) koordinasiyası ilə Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Almaniya Enerji Agentliyi (DENA) arasında görüş keçirilib. Görüşdə BOEMDA-nın direktor müavini, Agentliyin nümayəndələri, həmçinin DENA-nın idarəedici direktoru və AHK Azərbaycanın nümayəndəsi iştirak edib.

Görüşdə Azərbaycanın bərpa olunan enerji sahəsində potensialı, yaşıl enerji dəhlizləri, enerji sektorunun dekarbonizasiyası istiqamətində görülən işlər və Azərbaycan-Almaniya əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub. Xüsusilə, yeni bərpa olunan generasiya güclərinin elektrik şəbəkəsinə inteqrasiyası ilə bağlı Almaniyanın təcrübəsi və bu sahədə hazırlanmaqda olan tənzimləyici mexanizmlər barədə ətraflı müzakirələr aparılıb, Azərbaycanda aparılan tədqiqatlar barədə məlumatlar diqqətə çatdırılıb.

Almaniyanın bərpa olunan enerjinin elektrik enerjisi istehsalında yüksək paya (təxminən 60%) malik olması və bu sahədə formalaşmış təcrübəsi diqqətə çatdırılıb. Bu kontekstdə elektrik şəbəkəsinin təhlükəsiz və etibarlı fəaliyyətinin təmin edilməsi, enerji sistemlərinin balanslaşdırılması, eləcə də regional interkonnektorlarının inkişafının əhəmiyyəti vurğulanıb. Tərəflər elektrik şəbəkəsinin rəqəmsallaşdırılması və şəbəkənin artan dəyişkən generasiya güclərinə uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparıblar. Həmçinin enerji sisteminin çevikliyinin artırılması və mövcud infrastrukturdan daha səmərəli istifadə olunması üçün mümkün həllər nəzərdən keçirilib.

Görüş çərçivəsində hidrogen sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. “Azərbaycanın Hidrogen üzrə Strateji Baxış Sənədi”ndən irəli gələn və hazırlanmaqda olan “Tətbiq Planı”nın əsas istiqamətləri barədə məlumat verilib. Hidrogen klasterlərinin yaradılması, aşağı karbonlu hidrogenin və onun törəmələrinin istehsalı, müvafiq infrastrukturun inkişafı, eləcə də hidrogen iqtisadiyyatının formalaşmasını dəstəkləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, damüstü günəş enerjisi sistemlərinin inkişafı və paylanmış enerji istehsalının genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Bu sahədə qabaqcıl texnoloji həllərin və beynəlxalq təcrübənin tətbiqinin bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, enerji sisteminin dayanıqlığının artırılmasına və istehlakçıların enerji təminatında çevikliyin yüksəldilməsinə töhfə verə biləcəyi vurğulanıb.

Görüşün sonunda yaşıl enerji dəhlizləri üçün “North Sea Energy Cooperation” çərçivəsində hüquqi bazanın formalaşdırılmasına dair Almaniya təcrübəsinin öyrənilməsi, həmçinin paylanmış BOEM güclərinin və hidrogen istehsalı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərində əməkdaşlığın davam etdirilməsi qeyd olunub.

Göstərilən platformalarda paylaş: