AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

“Yaşıl enerji keçidinin sürətləndirilməsi” (“Accelerating the Green Energy Transition”) mövzusunda B2G sessiyası təşkil olunub.

Cari ilin 6 oktyabr tarixində Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) təşkilatçılığı ilə keçirilən “German-Azerbaijani Connectivity Conference 2026” çərçivəsində “Yaşıl enerji keçidinin sürətləndirilməsi” (“Accelerating the Green Energy Transition”) mövzusunda B2G sessiyası təşkil olunub.

Sessiyada Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova əsas məruzəçi qismində çıxış edib.

Çıxış zamanı Paris Sazişi çərçivəsində 3-cü Milli Töhfələr Sənədi ilə götürülən öhdəliklərin icrası, ölkəmiz tərəfindən həyata keçirilən yaşıl enerji dəhlizləri layihələri və bu layihələrin regional enerji təhlükəsizliyinə təsiri, habelə bərpa olunan enerji güclərinin inteqrasiyası istiqamətində aparılan tədqiqatlar barədə məlumat verilib. Qeyd olunub ki, Orta Dəhliz yalnız nəqliyyat marşrutu deyil, eyni zamanda yaşıl enerji bağlantısı, rəqəmsal və ticarət infrastrukturu üzrə regional platforma rolunu oynayır.

Həmçinin enerji keçidinin yalnız elektrikləşmə ilə məhdudlaşmadığı, dekarbonizasiyası çətin hesab olunan sektorların və gələcək enerji ixracının təmin edilməsi baxımından təmiz hidrogen və onun törəmələrinin də əhəmiyyət daşıdığı vurğulanıb. “Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış Sənədi”nin COP29 çərçivəsində təqdim edildiyi və hazırda onun həyata keçirilməsi üzrə Tədbirlər Planının hazırlandığı bildirilib.

Azərbaycan və Almaniya arasında yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair aparılan müzakirələr zamanı elektrik şəbəkələrinin modernləşdirilməsi, külək enerjisi texnologiyaları, enerji saxlanc sistemləri, hidrogen əsaslı məhsulların istehsalı, həmçinin yaşıl dəhlizlər üçün tənzimləyici çərçivənin formalaşdırılması üzrə təcrübə mübadiləsi imkanları qeyd olunub.

Tədbirdə Almaniya Enerji Agentliyinin (DENA) və “Norm Cement” şirkətinin rəhbər şəxsləri məruzəçi qismində çıxış edib.

Müzakirələrdə, həmçinin AZAL, AZCON, SOCAR Green və Nobel Energy şirkətlərinin nümayəndələri iştirak ediblər.

Göstərilən platformalarda paylaş: