Energetika Nazirliyində 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü çərçivəsində əməkdaşların kollektivdə effektiv işləmə bacarıqlarının gücləndirilməsi və biliklərinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilib.
Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil edilmiş təlim “Çevik və inkişafyönümlü idarəetmə mövzusunda” olub. Energetika Nazirliyinin Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Əsəd İsmayılov peşə bayramı günü münasibətilə əməkdaşları təbrik edib və fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Təlimdə DİM-in əməkdaşının təqdimatında klassik və çevik idarəetmə metodları, növləri, idarəetmədə psixoloji çevikliyin təzahürləri və komponentləri, çevik metodologiyanın faydaları, adaptiv idarəetmə, inkişafa yönəlik düşüncə və onun təsiri, psixoloji təhlükəsiz mühitin üstünlükləri, dəyişikliklərin və risklərin düzgün idarə edilməsi, inkişafyönümlü liderlik haqqında geniş praktiki məlumatlar verilib, təlim iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Təlimdə Energetika Nazirliyinin Aparatı, və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak edib.