Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Çinin “Global Energy Interconnection Development and Cooperation” (GEIDCO) təşkilatı ilə birlikdə bərpa olunan enerji mənbələrinin şəbəkəyə qoşulma texnologiyası mövzusunda vebinar təşkil edilmişdir.
Tədbir Çin tərəfindən GEIDCO-nun Şərqi Avropa və Mərkəzi Asiya Ofisi üzrə direktoru XuPeng Chen və Azərbaycan tərəfindən Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova nitqləri ilə açıq elan edilib.
Daha sonra “Bərpa olunan enerjinin inkişaf prioritetləri: Azərbaycanın enerji keçidinə baxışı” mövzusunda təqdimatla çıxış etmək üçün söz Rəna Hümbətovaya verilmişdir. Çıxış zamanı Azərbaycan Respublikasının 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasının Tədbirlər Planı barədə geniş məlumat verib, həmçinin bərpa olunan enerji mənbələri sahəsində mövcud olan qanunvericilik, bərpa olunan enerji potensialı, şəbəkəyə inteqrasiya ilə əlaqədar həyata keçirilən layihələr haqqında məlumat verilib.
“Asiya regionunda bərpa olunan enerjinin inkişafı və potensialı üzrə qiymətləndirmələr” mövzusunda GEIDCO nümayəndəsi Jiawei Wu və “Fotovoltaik Elektrik Stansiyasının Enerji Sisteminə Qoşulması üçün Texniki Tələblər” mövzusunda Çinin Elektrik enerjisi üzrə araşdırmalar institutunun nümayəndəsi David Guo tərəfindən təqdimatla çıxışlar dinlənilib.
Əlavə olaraq Azərbaycan Texniki Universitetinin prorektoru Fariz Məmmədov öz təqdimatında dayanıqlılıq mövzusunda aparılan tədqiqatlar barədə çıxış etmiş və dayanıqlı inkişaf məqsədlərinə əsaslanan yenilənmiş kurikulum proqramı haqqında ətraflı məlumat vermişdir.