Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, milli qürurunun bərpasının rəmzi olan 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Zəfər Günündən işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji”nin inkişafına gedən inkişaf yolundan bəhs edən “Zəfərin işığında” videoçarxı nümayiş etdirilib.
Sonra 44 günlük Vətən Müharibəsində iştirak etmiş Nazirlik və Nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin qazi əməkdaşlarına həsr olunmuş “Energetiklər hər iki cəbhədə” videoçarxı nümayiş olunub.
Tədbirdə açılış nitqi çıxış edən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Qarabağın tacı Şuşanın azadlığı ilə Vətən müharibəsinin taleyini həll edən 8 Noyabr gününün bütövlükdə regionun müqəddəratını müəyyənləşdirən böyük bir dövrün başlanğıcı olduğunu bildirib. Bu yeni geosiyasi nizamın memarı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz liderlik əzmi və dəmir iradəsi sayəsində uzunillik münaqişəni bənzərsiz sonluqla başa çatdırmaqla Qarabağın son iki əsrlik tarixini yenidən yazdığı qeyd edilib: “Böyük strateqlik və qətiyyətli liderliyin gücü ilə dövlətimizin iqtisadi - hərbi qüdrətinin, cəmiyyətimizdə yüksək vətənpərvərlik və milli birlik ruhunun vəhdəti Azərbaycana möhtəşəm qələbələr qazandırdı. 44 günlük Vətən müharibəsi və cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə torpaqlarımızın tamamilə işğaldan azad olunması, suverenliyimizin təmin edilməsi, düşmən tapdağından xilas edilmiş bütün ərazilərimizdə Dövlət Bayrağımızın ucaldılması Azərbaycanı tarixdəki ən qüdrətli dövrünə yetirdi.”
Daha sonra tədbirdə iştirak edən BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, Azerbaijan Green Energy Company şirkətinin Dövlət və Korporativ əlaqələr üzrə müşaviri Emin Axundov və Enerso şirkətinin Bərpa olunan Enerji üzrə Layihə Meneceri Can Aslanın Zəfər Günü ilə bağlı çıxışları dinlənilib.
Tədbirdə, həmçinin Vətən Müharibəsi iştirakçıları çıxış edərək keçdiyi döyüş yolları, hərbi əməliyyatlar zamanı ağır döyüş tapşırıqlarını igidliklə yerinə yetirmələri bağlı xatirələrini bölüşüblər.
Sonda Vətən Müharibəsində iştirak etmiş əməkdaşlara hədiyyələr təqdim edilib.












