Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin böyük məsləhətçisi Cavid Babayev və aparıcı məsləhətçisi Rəvan Əzizov 5-6 may tarixlərində Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Beşinci sənaye inqilabına doğru – universitetlərin rolu, çağırışlar və imkanlar” Beynəlxalq Elmi-Praktiki Konfrasında iştirak ediblər.
Tədbirdən əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Açılış tədbirində ATU-nun rektoru Yaşar Ömərov giriş sözü ilə çıxış edib. Daha sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Pərvin Kərimzadə, Qazaxıstanın Kızılorda Bolaşak Universitetinin rektoru Gülcahan Snasapova, Özbəkistanın Buxara Dövlət Universitetinin rektoru Obicon Hamidov, Rumıniyanın İaşi Texniki Universitetinin prorektoru İrina Lungu, Macarıstanın Sopron Universitetinin prorektoru Ferens Lakatos çıxış edərək konfransın işinə uğurlar arzu ediblər. Plenar iclas çərçivəsində ətraf mühit və dayanıqlı inkişafın yeni çağırışları mövzusunda elmi məruzələr dinlənilib.
Qeyd edək ki, tədbir 25 ölkə, 88 universitet, 22 tədqiqat institutu və bir sıra dövlət və özəl müəssisələrin iştirakı ilə baş tutub.



